Home Xəbər Xəbərlər 2012-ci ilin ilin iqtisadi yekunları

2012-ci ilin ilin iqtisadi yekunları

Bu ilin iqtisadiyyatı pozitiv nəticə ilə yekunlaşıb. Dünya bazarında müşahidə olunan yüksək enerji qiymətləri şəraitində ölkənin xarici mövqeyi əlverişli olaraq qalıb. Bu həm də öz növbəsində daxildə işgüzar fəallığı artırıb. Nəticədə ilin 11 aylıq yekunlarına görə, Azərbaycanda Ümumi daxili məhsul (ÜDM) istehsalı 1,2 faiz faiz artaraq 48,2 milyard manata çatıb. ÜDM istehsalı qeyri-neft sektorunda 9.7 faiz artıb, neft sektorunda isə 6.5 faiz azalıb. Beləliklə də həmin dövr ərzində yaradılmış əlavə dəyərin 50,5 faizi sənaye sahələrində, 9,9 faizi tikinti kompleksində, 8,2 faizi ticarət və pullu xidmət sahələlərində ,5,7 faizi kənd təsərrüfatında, 4,8 faizi nəqliyyatda, 1,8 faizi rabitədə, 12,7 faizi digər sahələrdə qeydə alınıb. 
2012-ci ilin iqtisadi yekunlarını qiymətləndirərkən diqqəti çəkən aşağıdakı məqamlar qeyd oluna bilər.
İlin ən böyük enişi 11 aylıq nəticələrə görə sənayedə məhsul istehsalının 3,3 faiz azalması olub. Həmin dövrə sənaye məhsulu istehsalı neft sektorunda 5,3 faiz azalıb, qeyri-neft sektorunda isə 7,4 faiz artıb, ölkədə 39,4 milıyon ton neft, 15,7 milyard kub metr qaz hasil olunub. Sənayedə istehsal olunan məhsulun 75,7 faizi mədənçıxarma sənayesinin payına düşdüyünə görə, bu səbəbdən Azərbaycan höküməti ilə “bp” şirkəti arasında gərginlik yaranıb. İlin 9 aylıq yekunlarını qiymətləndirərkən məlum olub ki, ÜDM-in yarısına qədərini formalaşdıran neft sektorunda azalma nəticəsində ümumi iqtisadi artıma təhlükə yaranıb. Bununla da “bp” şirkəti Azərbaycandakı 19 illik fəaliyyətində ilk dəfə olaraq ictimaiyyət üçün gizli olmayan rəsmi qınaqla üzləşib. Bu hadisə ilin ən ciddi qınağı kimi yadda qalıb.
Bu ilin iqtisadi cəhətdən ən çox inkişaf etmiş sektoru xidmət bölməsi olub. Belə ki, 2012-ci ilin doqquz ayı ərzində ölkənin qeyri-neft sektorunda 20 milyard manatlıq əlavə dəyər yaradılıb ki, onun da 60 faizə qədəri sosial və digər xidmətlər, qeyri-neft sənayesi və tikinti sahələrinin payına düşüb. Belə ki, qeyri-neft ÜDM-nin 24,1 %-i sosial və digər xidmətlərin, 19,5%-i tikinti, 15,5%-i qeyri -neft sənayesi, 13,3%-i ticarət və avtomobillərin təmiri, 12,1%-i iəs kənd təsərrüfatının payına düşüb. İl ərzində qeyri-neft sektorunda 9,7 faizlik artım qeydə alınıb.
İlin ən böyük iqtisadi təzadı aqrar sektorda qeydə alınıb. Belə ki, 2012-ci ilin dekabrın 1-ə olan ilkin məlumatlara görə, kənd təsərrüfatı istehsalı artsa da, ərzaq təyinatlı istehlak mallarının idxalı da artıb. Rəsmi məlumatlara görə, bostan məhsulları, pambıq istehsalı və şəkər çuğunduru istisna olmaqla qalan bitkiçilik məhsulları 5,8 faiz, heyvandarlıq məhsulları isə 5,5 faiz, bütövlükdə isə kənd təsərrüfatının ümumi istehsalı 2011-ci ilin eyni dövrünə nisbətən 5,7 faiz artıb. Eyni zamanda, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin 11 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən, alkoqollu içkilər 46,8%, buğda 24,1%, bitki və heyvan mənşəli yağlar 21%, kərə yağı 17,5%, meyvə tərəvəz 13,28%, şəkər 10,4% çox idxal olunub. Dövr ərzində kəsim üçün idxal olunan mal-qaranın dəyəri 2 dəfə artıb. Bu isə kənd təsərrüfatı istehsalındakı artımla və eyni zamanda, Azərbaycanın daxili istehsal hesabına əsas ərzaq məhsulları ilə özünü təmin etməyi ilə bağlı səsləndirilən rəsmi fikirləri şübhə altına alır.
İlin ən əhəmiyyətli layihəsi Milli Məclisin ratifikasiya etdiyi Trans Anadolu Qaz Kəməri (TANAP) layihəsi oldu. Bu layihənin reallaşması 7 mlrd. ABŞ dollarına başa gələcək. Layihə 4 mərhələdə həyata keçiriləcək. Onun ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. TANAP-ın əhəmiyyəti yalnılz iqtisadi baxımdan deyil, həm də Azərbaycan –Türkiyə münasibətlərinin inkişafına və Türkiyə vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılması nöqteyi-nəzərindən çoxdur.
İlin ən böyük kəsiri qeyri-neft büdcə kəsirində qeydə alındı. 2012-ci ilin 9 aylıq büdcə israsına dair operativ məlumatlarda görə, dövlət büdcəsində 1,5 milyard manata qədər profisit qeydə alınmasına baxmayaraq, 2012-ci ildə son illər ərzində ilk dəfə olaraq qeyri-neft büdcə kəsirinin 40 faizi ötməsi, maksimal həddə 43 faizə yaxınlaşması, yəni milli büdcənin neft gəlirlərindən asılılığının daha da yüksəldilməsi gözlənilir. 2013-cü ilin büdcəsində qeyri-neft kəsirinin artırılması və neft gəlirlərindən asılılığın yüksəldilməsi nəzərdə tutulub. Belə ki, gələn il dövlət büdcəsi gəlirlərinin hər 4 manatından 3-ü neft gəlirləri təşkil edəcək.
İlin ən çox müzakirə olunan iqtisadi hadisəsi 1 yanvar 1992-ci il tarixə olan keçmiş SSRİ-nin əmanət kassalarında olan vəsaitlərin birdəfəlik kompensasiyalar yolu ilə qaytarılması qərarı olub. Uzun illərin həsrətindən sonra bu ilin ikinci yarısından başlayaraq Azərbaycan vətəndaşlarına əmanətlərin müqabilində kompensasiyalar ödənilməyə başlanılıb. Ödənilən kompensasiyaların məbləği ekspertlər tərəfindən birmənalı qarşılanmasa da, onunla razılaşan və başqa alternativə malik olmayanların böyük əksəriyyəti artıq "müasirləşdirilmiş" əmanətlərinə sahib çıxıblar.
2012-ci ilin ən yadda qalan iqtisadi hadisəsi 1993-2010-cu illər aralığında Azərbaycandan ofşor zonalara 48 milyard dollar pulun ötürülməsi ilə bağlı mərkəzi ofisi Londonda yerləşən “Tax Justice Network” (“Ədalətli Vergi Sistemi”) qeyri-hökumət təşkilatının “The Price of Offshore Revisited” (“Ofşor zonaların qiyməti”) adlı hesabatını açıqlanması oldu. Cəmiyyətin diqqətində olan bu açıqlamaya il ərzində rəsmilərdən heç bir şərh gəlmədi. İndiyədək oxşar faktları operativ olaraq təkzib edən rəsmilər bu dəfə ilboyu susmağa üstünlük verdilər.
İlin ən sürətli xərcləmələri “Evrovision” mahnı müsabiqəsi ilə əlaqədar oldu. Belə ki, bu müsabiqənin təşkilinə yönələn birbaşa və dolayı xərclər dövlət büdcəsinə 1 milyard dollara başa gəlib. Elə bu səbəbdən də dövlət büdcəsinin 8 aylıq yekunlarına görə, həmin dövrdə aylar üzrə ən yüksək xərcləmə aprel ayında qeydə alınıb. Bu ay ərzində orta aylıq xərcləmədən 1,5 dəfə çox, bütövlükdə 2 milyard manat vəsait xərclənib. Eyni zamanda, 2012-ci il büdcəsinin gözlənilən icrası nəticəsində məlum olub ki, əsasən “Evrovision” mahnı müsabiqəsi ilə əlaqəli xərclərin maliyyələşdirilməsinə yönələn büdcənin Ehtiyat fondunun məbləği proqnozlaşıdırlan 500 milyon manat əvəzinə 1 milyard manat səviyyəsində icra olunub.
İlin ən böyük iqtisadi problemi olan ixracı stimullaşdıra, iş yerləri yarada, diversifikasiyanı dəstəkləyə bilən rəqabət qabiliyyətli özəl sektorun bazasında qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsinə 2012-ci ildə də nail olunmadı. Bu istiqamətdə ən böyük irəliləyiş elektron xidmətlərin və bir neçə dövlət qurumlarında bir pəncərə xidmətlərinin yaradılmasından ibarət oldu. Hökümət yenə də korrupsiyanı və inhisarçılığı məhdudlaşdıran, şəffaflığı və hesabatlılığı artıran, hədəfi bütövlükdə yaxşı idarəetmə olan islahatlara getmədi. Bununla da ölkədə işsizlik kimi sosial, renta gəlirlərindən kəskin asılılıq kimi dayanıqlı maliyyə təminatı problemlərini həll edə bilmədi və onu növbəti ilə ötürdü. Beləliklə də növbəti il üçün yenə də ən çox islahatameylli istiqamətlər iqtisadiyyatın şaxələnməsi, liberallaşdırılması və modernləşdirilməsi olacaq.
İlin ən böyük maliyyə itkisi ölkəyə cəlb edilə bilməyən xarici kapitalla əlaqədar olub. Belə ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatında, xüsusilə də Avrozonada müşahidə olunan böhran böyük həcmdə kapitalın həmin ölkələrdən inkişaf etməkdə olan ölkələrə axması ilə nəticələnsə də, Azərbaycan iqtisadiyyatı bundan əhəmiyyətli dərəcədə bəhrələnə bilməyib. Rəsmi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatına cəmisi 2.6 mlrd. ABŞ dollar xarici investisiya qoyulub. Xarici investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11.9% artsa da, onun cəmi investisiyalarda payı 23 faiz təşkil edib. Bu isə son illərin ən böyük sıxışdırma effektini yaradıb. Yəni, başa çatmaqda olan il milli iqtisadiyyatımız dünya iqtisadiyyatında mövcud olan əlverişli şərtlərdən bəhrələnməməklə yanaşı, həm də daxili investisiyaların xarici investisiyaları sıxışdırması ilə də seçilib.
İlin ən böyük yeni tikililəri Bakı şəhərində Metal Konstruksiyalar zavodu, Heydər Əliyev Mərkəzi, "Baku Crystal Hall" İdman-konsert kompleksi, "Qafqaz Baku City Hotel and Rezidences" və “JW Marriott Absheron", "Four Seasons" otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalı oldu. Beləliklə də, 2012-ci ilin 11 ayında bütün maliyyə mənbələrindən əsas kapitala 12.6 milyard manat həcmində vəsait yönəldildi, 7.6 milyard manatlıq tikinti-quraşdırma işləri görüldü. Əsaslı vəsaitin 77.2 faizini və ya 9.7 milyard manatını daxili investisiyalar təşkil etdi. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 24.0 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 22.7 faiz artdı.
Ötən ilin iqtisadiyyatının maliyyə bölməsində ən çox canlanan bazar seqmenti sığorta bazarları olub. Xüsusilə də bu ildən başlayaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortasına dair qanunların qüvvəyə minməsi bu bazrlarda canlanma yaranıb. Sığortanın bu növlərində yığımların həcmi əvvəlki illərlə müqayisədə dəfələrlə artıb.
İlin ən çox borc alanı ev təsərrüfatları, yəni ailələr olub. Belə ki, bu ilin ilk 9 ayında ev təsərrüfatlarının bankların kredit portfelində payı 33,6 faiz təşkil edib. Bu o deməkdir ki, həmin dövr ərzində bankların verdiyi borcların hər 3 manatında 1-i ev təsərrüfatlarına yönəlib və nəticədə əvvəli ilin eyni dövrü ilə müqayisədə ev təsərrüfatlarının banklara borcu 21,7 faiz artıb. Bu isə borc alanların həm sayına və həm də borcun məbləğının artımına gətirib. Kreditlər üzrə manatla orta faiz dərəcəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz bəndi azalmasına baxmayaraq onun 15,4% təşkil etməsi ev təsərrüfatlarının banklar qarşısında böyük öhdəliklərə malik olduğunu göstərir. Faiz dərəcəsinin yüksək olması bank tərəfindən risklərin idarə edilməsini asanlaşdırsa da, əksinə ev təsərrüfatları tərəfindən riskləri idarəetməyi xeyli çətinləşdirib.
İlin qara xəbəri banklara ünvanlandı. Bu xəbərə görə, 2014-cü ildən mövcud, eləcə də yeni yaradılan bankların məcmu kapitalına qoyulan minimal tələb 50 milyon manata qaldırıldı. Hazırda fəaliyyətdə olan bankların kapitalının təmərküzləşməsinə yönələn bu qərarın növbəti ildə bankların sayının azalmasına gətirib çıxaracağı şübhəsizdir. Hazırkı maliyyə ilində 42 bankdan 10-nun fəaliyyətini zərərlə başa vuracağı gözlənilir. Eyni zamanda, banklarda vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi dövrün sonuna 6,5% təşkil edib. Bununla yanaşı 2012-ci ilin 9 ayının sonuna bank plastik kartlarına ölkə ərazisində yerləşdirilmiş 2 224 bankomatda və 36 702 pos-terminalda xidmət edib. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə ərazisində pos-terminalların sayı 2,8 dəfə artıb. Plastik kartların sayı dövr ərzində 340 min ədəd artaraq 4,9 mln. ədədə çatıb ki, hər 1000 nəfər yetkinlik yaşına çatmış şəxsə orta hesabla 820 ödəniş kartı düşüb.
İl ərzində çoxsaylı alışlar və satışlar olsa da, onların arasında ən çox diqqəti çəkəni Dövlət Neft Fondunun alışları oldu. Beləliklə də, ilin ən böyük alışı Dövlət Neft Fondu tərəfindən həyata keçirildi. Dövlət Neft Fondunun investisiya siyasətində dəyişiklər ediləndən sonra Fond əvvəlcə 10 ton qızıl, sonra isə dünyanın müxtəlif şəhərlərində daşınmaz əmlaklar aldı. Onlardan biri Fondun Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 mln. avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət daşınmaz əmlak kompleksinin satın alınmasına dair razılığı barədə yayılan infomasiyalar bir müddət mətbuatın gündəmində qaldı.
2012-ci ilin ən böyük təxirə salınan qərarı Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi oldu. Yeganə dövlət bankı olan ABB-nin saglamlaşdırılmasına, yeni biznes strategiyası tətbiqinə ehtiyac duyulduğu bir vaxtda onun özəlləşdirilməsinin təxirə salınması nəinki investorlarda, hətta ekpsetlərdə belə təəccüb yaratdı.
Bu il uzun illərin ən böyük gözləntisi olan Ümumdunya Ticarət Təşkilatına üzvlük məsələsinə son qoyuldu. Azərbaycan prezidenti bu təşkilata üzvlükdə ölkənin maraqlı olmadığını elan etdi. Bununla Azərbaycan iqtisadiyyatının bu instututa inteqrasiyadan bəhrələnmək imkanlarına nöqtə qoyuldu.
İlin ən böyük iqtisadi yalanı Azərbaycanda 92 min yeni, o cümlədən 72,7 min daimi iş yerləri açılması ilə bağlı rəsmi statistik açıqlama oldu. Belə ki, 2003-2012-ci illərdə 1 milyondan çox yeni iş yerlərinin açılmasını bəyan edən hökümət yenə də yalanlarından əl çəkmədi. Bu qədər yeni iş yerlərinin açılmasına baxmayaraq hələ də pensiya ödənişlərinin 80 faizinin maliyyələşməsinin dövlət büdcəsindən və büdcədə çalışanların əmək haqlarından formalaşması bu statistikaya şübhələri daha da çoxaltdı.
İlin ən təəccübləndirici açıqlaması ilin sonunda Dövlət Əmlak Komitəsindən gəldi. Komitədən verilən məlumata özəlləşdirilən müəssisələrin səhmlərini 250 mindən çox vətəndaş alıb. Bu statistikanın saxta olduğu həm də ondan bəllidir ki, özəlləşdirilən səhmdar cəmiyyətlərin (SC) reyestrini aparan Milli Depozit Mərkəsinin məlumatına görə, mərkəzdə 100 min səhmdarın depo-hesabı var. Eyni zamanda, hərraclar göstərir ki, kiçik müəssisələr əsasən bir nəfərə satılır. Digər rəsmi məlumatlara görə, 2012-ci ilin əvvəli üçün Azərbaycanda 1600 SC-nin, 42 min kiçik müəssisə və obyektin səhm paketi satılıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin Ekspert Qrupu

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda