Home Xəbər Xəbərlər Özünədəstək proqramının monitorinqinin nəticələri açıqlandı

Özünədəstək proqramının monitorinqinin nəticələri açıqlandı

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Özünədəstək” - Birdəfəlik ünvanlı sosial yardım proqramının icrasının monitorinqi və aztəminatlı ailələrin məşğulluğa çıxış imkanlarının artırılmasına dəstək” adlı layihəni icra edib. Xaçmaz və Bakının Nizami rayonlarını əhatə edən layihənin başlıca məqsədi aztəminatlı ailələrin yoxsulluqdan passiv müdafiə mərhələsindən aktiv müdafiəyə keçidini nəzərdə tutan “Özünədəstək” proqramının icrasının monitorinqi yolu ilə bu sahədəki dövlət siyasətinə və onun təkmilləşdirilməsinə texniki-metodiki dəstək vermək olub.
Layihə çərçivəsində Xaçmaz və Nizami rayonlarında proqramın monitorinqi həyata keçirilib, məsul şəxslər və proqrama cəlb olunan ailələrlə müsahibələr aparılıb, eyni zamanda, belə ailələr arasında qiymətləndirmə sorğusu keçirilib. Bundan əlavə, bu sahədə olan xarici təcrübə öyrənilib, yerli qanunvericilik analiz olunaraq əldə olunan tapıntılar və sorğu nəticələri əsasında “Özünədəstək” proqramının daha geniş regionu əhatə etməsi, mərhələli şəkildə bütün respublikada tətbiq olunması və yekunda proqramın ünvanlı dövlət sosial yardımını (ÜSY) əvəzləməsini nəzərdə tutan təkliflərdən ibarət sənəd hazırlanıb.
Aparılmış tədqiqatların nəticələri, tapıntıları və hazırlanmış tövsiyələr 28 avqust 2013-cü il tarixində Dəyirmi Masada ictimaiyyətə təqdim olunub. Tədbirdə əlaqədar hökumət orqanlarının, yerli və xarici QHT-lərin, xarici ölkə səfirliklərinin və mətbuatın nümayəndələri iştirak ediblər.
Tədbiri İTM İdarə Heyətinin üzvü, layihə rəhbəri Dünya Camalova açaraq, layihə çərçivəsində görülən işlər barədə qısa məlumat verib. Bildirib ki, İTM 2006-cı ildən etibarən Azərbaycanda həyata keçirilməyə başlanan ünvanlı sosial yardım prosesini daim diqqətdə caxlayıb: “Bu illər ərzində Mərkəzimizin ekspertləri davamlı olaraq prosesi monitorinq edərək təklif və tövsiyələr hazırlayıblar. Belə tövsiyələrimizdən biri də 2008-ci ildə verilib və ünvanlı yardımdan sosial reabilitasiyaya keçidlə bağlı idi. Ötən ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsinə başlanan özünədəstək proqramı məhz bunu nəzərdə tutur. Buna görə də biz bu proqramın icrası prosesini monitorinq etmək qərarına gəldik. QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edirik ki, bununla bağlı təklifimizi maliyyələşdirdi. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə layihənin icrası prosesində bizimlə əməkdaşlıq edərək, monitorinq üçün şərait yaratdığına görə minnətdarlığımızı bildiririk.”
QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Gülsəba Ələsgərova layihənin sosial baxımdan mühüm bir məsələyə həsr olunduğunu qeyd edib. Bildirib ki, layihə özünədəstək kimi sosial yükü olan bir proqramı monitorinq etmək, bu sahədə dünya təcrübəsini öyrənmək və təkliflər hazırlamaq məqsədi daşıyıb: “İnanıram ki, Mərkəz bu məqsədinə nail olaraq, effektiv təkliflər hazırlayıb.”
ƏƏSMN Sosial Təminat şöbəsinin müdiri Elnur Sultanov bir il ərzində pilot olaraq 12 rayonda həyata keçirilən proqramın obyektiv monitorinq edilməsinin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu proqram pilot xarakterlidir, buna görə də onun hərtərəfli monitorinq edilməsi bizim üçün vacibdir. Bu işi həyata keçirdiklərinə görə İqtisadi Tədqiqatlar Mərkəzi və QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürümüzü bildiririk. Proqramın icrasına başlamazdan əvvəl dünya təcrübəsi, İTM kimi yerli QHT-lərin təklifləri öyrənilib, eyni zamanda Dünya Bankı ilə sıx müzakirələr aparılıb. 12 rayonda 271 ailə proqrama cəlb edilib. Açıq etiraf edək ki, ilk əvvəl ailələrdə proqrama inam aşağı idi. Lakin dəqiq mexanizm və ciddi nəzarət sistemi ortaya qoyulandan sonra inam artdı. Bir ilin ilkin nəticələri göstərir ki, əgər bir çox dünya ölkələrində analoji proqramların icrasında 60 faiz uğur əldə olunursa, bizdə bu rəqəm 90-95 faizə çatdı. Hazırda rayonlarda çoxlu sayda ailə proqramdan bəhrələnmək üçün müraciət edib. Lakin müvafiq hüquqi baza yaradılmadığı üçün biz proqramın bütün ölkə ərazisində tətbiqinə başlaya bilmirik. Bununla bağlı tərəfimizdən təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.”
İTM İdarə Heyətinin sədri, layihənin eksperti Qalib Bayramov monitorinqin nəticələrini iştirakçılara təqdim edib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi aztəminatlı vətəndaşlar tərəfindən maraqla qarşılanan "Özünədəstək" proqramı mütərəqqi dünya təcrübəsi əsasında hazırlanıb və hazırda bir sıra ölkələrdə (Braziliya, Meksika, Rusiya, ABŞ və s.) də analoji proqramlar tətbiq olunur. “Özünədəstək” texnologiyası uşağı olan aztəminatlı ailələrin əmək fəaliyyətinə aktiv cəlbi yolu ilə onların həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilir. Təxmini hesablamalara görə, proqram fəaliyyətə başlayandan 300 min manat vəsait xərclənib. Proqramın “Özünədəstək” texnologiyasının prinsiplərinə uyğunluğunu, səmərəliliyini, aztəminatlı ailələrin həyat keyfiyyətinin yaxşılaşdırması vəziyyətini və sosial müfəttişlərin işinin səmərərliliyini qiymətləndirmək üçün Xaçmazda və Nizami rayonunda proqramla əhatə olunan 51 ailədən 49-u arasında sorğu keçirilib, yerində müşahidə, monitorinq işləri aparılıb. Aydın olub ki, 2 ailə aldığı vəsaiti təyinatı üzrə xərcləmədiyindən proqramdan kənarlaşdırılıb və vəsaitin geri qaytarılması təmin edilib. Bütövlükdə Xaçmazın 22 kəndindən sorğuya cəlb olunan 30 ailə arasında 2 ailənin inəyi qızdırma xəstəliyindən, 1 ailənin inəyi zəhərlənmədən tələf olub, 1 ailənin isə aldığı inək qısır çıxıb.”
Daha sonra Q.Bayramov Xaçmaz və Nizami rayonlarında proqrama cəlb olunmuş ailələr arasında keçirilmiş sorğunun nəticələrini açıqlayıb və ekspert qrupunun hazırladığı təklif və tövsiyələri təqdim edib. Sorğu göstərib ki, ailələrin hamısı proqrama könüllü qoşulublar. Proqrama qoşulduqdan sonra ailələrin 49 faizində 2 nəfər, 41 faizində 1 nəfər, 8 faizində 3 nəfər, 2 faizində isə 4 nəfər işlə təmin olunub. Ailələrin 67 faizi əldə etdiyi gəlirlərin üçdə ikisini, 23 faizi yarısını, 4 faizi yarıdan azını, 6 faizi isə hamısını ərzağa xərcləyir. Sorğuya cəlb olunan ailələrin böyük əksəriyyəti – 37-si ötən ay tibbi xidmətdən istifadə edib. 32 ailənin hansısa üzvü son 1 ildə vaəsait çatışmazlığı üzündən həkimin təyin etdiyi dərmanları ala bilməyib. Proqrama cəlb olunandan sonrakı həyat səviyyələrini qiymətləndirən ailələrin 71,4 faizi “orta səviyyədən bir az aşağı”, 10,2 faizi “orta səviyyədən çox aşağı”, cəmi 18,4 faizi “hamı kimi” yaşadığını qeyd edib. 40 ailə (81,6 faiz) proqramın onların yoxsulluqdan çıxmalarına qismən fayda verdiyini, 8 ailə(16,3 faiz) tam yoxsulluqdan çıxardığını, 1 ailə(2,1 faiz) fayda vermədiyini bildirib. 34 ailənin fikrincə, verilən birdəfəlik yardımın məbləği artırılmalıdır. 40 ailə proqram bitdikdən sonra onlara məşğul olduqları işi böyütmək üçün aşağı faizli mikrokreditlərin (5000 manata qədər) və ya faizsiz qrantların verilməsini zəruri sayıb.
Q.Bayramov monitorinqin yekunu olaraq, irəli sürülən təklifləri də açıqlayıb. Onlar aşağıdakılardır:
1. Özünədəstək” birdəfəlik sosial yardım sisteminin hüquqi bazasının formalaşdırılması
2. Proqramın idarə edilməsi üçün ilkin olaraq ayrıca bir strukturun – Sosial Dəstək Fondunun yaradılması.
3. “Özünədəstək” Proqramının bir ilini uğurla başa vurmuş ailələrə sonrakı mərhələdə faizsiz qrantların və aşağı faizli mikrokreditlərin verilməsi.
4. Aztəminatlı ailələrə verilən birdəfəlik sosial yardımın minimum və maksimum hədlərinin müəyyən olunması, məbləğin ünvanlı sosial yardıma bağlanması praktikasından imtina edilməsi.
5. Proqrama qoşulan aztəminatlı ailələrin məcburi tibbi sığorta etdirilməsi və sığorta haqqının bu istiqamətə ayrılmış vəsaitdən qarşılanması
6. Proqram çərçivəsində kənd təsərrüfatı ilə məşğul olan ailələrin əmlakının söğorta olunması.
7. İki dəfə qrant almış ailənin aşağı faizli kreditə cəlb olunması üçün menecment və marketinqlə bağlı (biznes planın hazırlanması, məhsulun istehsalı, qablaşdırılması, bazarların öyrənilməsi və sair) təlimdən keçməsinin şərt kimi qoyulması.
8. Prosesə bələdiyyə, icma və QHT-lərin cəlbi.
9. Kənd yerlərində kənd təsərrüfatından əlavə məşğulluq imkanlarının müəyyənləşdirilməsi və yoxsul əhalinin bu sahələrə cəlbi.
10. “Özünədəstək”çilərin uğur hekayələrinin yazılması, nazirliyin saytına yerləşdirilməsi, proqramın təbliği ilə bağlı qısa reklam çarxlarının, sənədli filmlərin çəkilməsi, sosial reklamların TV-də verilməsi
11. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ayrı-ayrı xidmətləri tərəfindən həyata keçirilən sosial reabilitasiya proqramlarının və digər nazirliklər (Səhiyyə, Təhsil və sair) tərəfindən icra olunan fəaliyyətlərin əlaqələndirilməsi.
12. Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlı sosial yardım üçün iddia edən ailələrin kredit öhdəçiliyinin olub-olmaması haqda bütün məlumatların verilməsinə imkan yaradılması.
Təqdimatdan sonra Q.Bayramov və E.Sultanov iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. Tədbirin müzakirələr bölümündə çıxış edən Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “Özünədəstək” - Birdəfəlik ünvanlı sosial yardım proqramını bütün mərhələlər üzrə yaxından izlədiyini qeyd edib: “Azərbaycanda ilk proqramdır ki, hazırlanmağa başlayandan icra olunanadək bütün mərhələlərində QHT-lərin yaxından iştirakı təmin olunub. Bu cür şəffaflığın nəticəsidir ki, cəmi 5 faizlik uğursuzluq qeydə alınıb. Hansı ki, bu 5 faiz də əsasən fors-major hallarından(kiminsə mal-qarası tələf olub və sair) irəli gəlib, nəinki mexanizmin xətasından. İqtisadi Tədqiqatlar Mərkəzi obyektiv monitorinq aparıb və hazırlanan təkliflərin əksəriyyətini biz də zəruri hesab edirik. Xüsusilə də ailələlərə verilən birdəfəlik yardımın məbləğinin ÜSY-dən ayrılması ilə bağlı olan təklifi haqlı sayırıq.”
Tədbir müzakirələrlə davam etdirilib.
İTM İctimaiyyətlə əlaqələr departamenti

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda