Azərbaycanda 12,4 faizlik inflyasiya proqnozlaşdırılır

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2011-ci ilin dekabr ayı ərzində və bütövlükdə il üzrə apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. İTM-in İctimaiyyətlə əlaqələr departamentindən  verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticələrinə görə, 2011-ci ilin dekabr ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,76 faiz artıb. Bu zaman ərzaq məhsulları 1,05 faiz artıb, qeyri-ərzaq məhsulları 0,29 faiz azalıb, xidmətlər isə 1,30 faiz bahalaşıb.
Noyabr ayına nisbətdə dekabr ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 1,08 faiz, regionlarda 0,44 faiz artıb. O cümlədən, ərzaq məhsulları Bakıda 1,53 faiz, regionlarda 0,59 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 0,73 ucuzlaşıb, regionlarda isə 0,14 faiz bahalaşıb. Xidmətlərin dəyəri dekabr ayı ərzində Bakıda 2,20 faiz, regionlarda 0,41 faiz artıb. İlin son ayında ən çox badımcan (64,52 faiz), göyərti (37,84 faiz), metroda gediş haqqı (33,33 faiz), kütüm, sazan və xəşəm balıqları (16 faiz) bahalaşıb. Ucuzlaşma isə kərpic (9,37 faiz), sarımsaq (7,93 faiz) və digər məhsullarda qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 12,03 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 15,76 faiz, regionlarda isə 8,46 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (19,35 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 2,64 faiz, xidmətlərdə isə 5,73 faiz təşkil edib.İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında dekabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 168,75 manat, pensiyaçılar üçün 152,23 manat, 0-14 yaşlı uşaqlar üçünsə 211,30 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 105,00 manat, pensiyaçılar 94,60 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 120,27 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,27 manat, pensiyaçılar üçün 35,02 manat, 0-14 yaşlı uşaqlar üçün 73,30 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.
Xatırladaq ki, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.”
İTM ekspert qrupu tərəfindən aparılan daha bir hesablama 2012-ci ildə gözlənilən inflyasiya səviyyəsi ilə bağlı olub. Qrupun beynəlxalq metodologiya ilə apardığı proqnozlaşdırmanın nəticələrinə əsasən cari ildə Azərbaycanda 12,4 faiz inflyasiyanın olacağı gözlənilir.