Kürdəmir rayonunda təlim və tarla təcrübəsi keçirilib

İqtisadi Tədqiqatlar Mərkəzi 10 oktyabr 2012-ci ildə Kürdəmir rayonunda yerli icra hakimiyyəti nümayəndələri, bələdiyyə torpaqları icarəçiləri, fermerlər, pay torpağı sahibləri və mütəxəssislər üçün təlim və tarla təcrübəsi keçirib. Təlim və tarla təcrübəsi ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Goyçay və Kürdəmir rayonlarında icra olunan “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihəsi çərçivəsində təşkil olunub. 

Təlimdə Kürdəmir rayonun Şıxımlı, Sor-Sor, Karrar, Pirili, Ərəbqubalı, Şilyan, Atakişili, Qarasu, Topalhəsənli və digər kəndlərin bələdiyyəl sədrləri və kənd icra nümayəndələri, Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının, Kürdəmir Aqrar-Elm Mərkəzinin, Kürdəmir Bitki Mühafizə Mərkəzinin, Kürdəmir Toxum Laboratoriyasının, Kürdəmir Aqrokimya Laboratoriyasının, Kürdəmir Su Idarəsinin mütəxəssisləri, Kürdəmir İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Rafiq Tarverdiyev, özəl torpaq mükiyyətçiləri, yerli fermerlər və mütəxəssislər iştirak ediblər.
Təlimdə moderatorluğu layihənin İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) tərəfdən əlaqələndiricisi Qalib Toğrul edib. İTM-in eksperti, layihə üzrə təlimçi Vahid Məhərrəmov “Torpaqların deqradasiyası, eroziyası və şoranlaşmasına səbəb olan amillər və onların qarşısının alınması yolları” mövzusunda təqdimatlar edib. Təqdimatlarda deqradasiyanı, eroziyanı, şoranlaşmanı yaradan səbəblər və torpağın humus qatı, mulça, yaşıl gubrə haqqında geniş məlumat verildikdən sonra, əsas diqqət torpaqların münbitliyinin qorunması sahəsində dünya təcrübəsində uğurla sınaqdan çıxmış torpaq qoruyucu yeni texnologiyların üstünlüyünə, təbii otlaqlardan səmərəli istifadəyə yönəldilib.
Təlim zamanı torpaqların ənənəvi əkinçilik qaydalarına uyğun şəkildə 30-35 sm-lik dərinlikdə şumlanmasının əvəzində şum qaldırmadan səpin işlərinin aparılması ilə ilə bağlı təlimçinin dünya təcrübəsindən gətirdiyi misallar, nümunələr və nümayiş etdirilən videoçarxlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və qızğın diskussiyaya səbəb olub.
Təlimçi tədbir ərzində torpaqların eroziyası, deqradasiyası və şoranlaşmasına səbəb olan yerli problemlər üzərində geniş dayanaraq rayon ərazisindən keçən su kanalllarınnın əsaslı təmirinin aparılmaması nəticəsində qrunt sularının üzə çıxması, torpağın şoranlaşması, sel sularının qarşısının alınmaması nəticəsində torpağın münbit humus qatının yuyulması, örüşlərdə normadan daha çox heyvan sürülərinin otlarılması nəticəsində təbii otlaq sahələrinin eroziyaya məruz qalması, səhralaşması məsələlərinə də toxunub.
Tədbirin ikinci hissəsi tarla təcrübəsinə həsr olunub. Tarla təcrübəsi 30 il əvvəl meliorasiya işləri aparılmış və uzun müddət ərzində təmizləmə, təmir işləri aparilmadığına görə su ötürmək funksiyasını itirmiş kollektor-drenaj şəbəkəsi mövcud olan sahədə həyata keçirilib. Həmin sahədə torpaqların qorunması üçün kollektor-drenaj sisteminin qaydasına salınması istiqamətində fermerlərə tövsiyələr verilib.
Layihənin eksperti Vahid Məhərrəmov torpağın üst hissəsində saxlanılması vacib olan bitki qalıqlarının və onlardan əmələ gələn humus qatının əhəmiyyətindən, xüsusiyyətlərindən bəhs edib, əyani şəkildə bunu iştirakçılara göstərib. Bitki qalıqlarının sahələrdən çıxarılmamasını, qalıqların sahələrdə çürüyərək humus qatını artırdığını vurğulayan təlimçi növbəli əkin sisteminin də üstünlüklərini təlim iştirakçılarının diqqətinə çatdırıb.

Əlavə məlumat üçün layihənin əlaqələndiricisi Qalib Toğrulla əlaqə saxlamaq olar.
Tel.: 465-18-41, 465-18-47, 050-371-12-44, e-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

İTM İctimaiyyətlə əlaqələr departamenti