Xaçmaz rayonunda yerləşən 5 tərəfdaş bələdiyyədə ictimai dinləmələr keçirilib

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində strateji planlaşdırma, büdcə tərtibi və maliyyə idarəçiliyində şəffaflığı və hesabatlılığı yaxşılaşdırmaq” layihəsi çərçivəsində 2012-ci ilin iyul ayında Xaçmaz rayonunun 5 tərəfdaş bələdiyyəsində ictimai dinləmə keçirilib. İyulun 31-də Ləcət Bələdiyyəsində, avqustun 4-də Qımılqışlaq Bələdiyyəsində , avqustun 8-də Aşağı Zeyid Bələdiyyəsində, avqustun 10-da Pirquluoba Bələdiyyəsində, Avqustun 13-də isə Gödəkli Bələdiyyəsində yerli sakinlərin iştirakı ilə 2011-ci ilin büdcəsi geniş müzakirə olunub. İctimai dinləmələrdə bələdiyyə sədrləri 2011-ci ilin büdcəsi ilə bağlı ətraflı məlumat verib, büdcənin hər bir gəlir və xərc istiqaməti üzrə proqnozun neçə faiz yerinə yetirlməsi barədə danışıblar. Bələdiyyə sədrləri kənd sakinlərini, icma rəhbərlərini vergilərin ödənməsi ilə bağlı fəal olmağa çağırıb, İqtisadi Tədqiqatlar Mərkəzinə göstərdiyi metodiki və institusional dəstəyə görə təşəkkürlərini bildiriblər.

İctimai dinləmələrdə İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndəsi, layihə əlaqələndiricisi Qalib Toğrul bələdiyyələrlə büdcə prosesində ictimai iştirakçılığın gücləndirilməsi, elektron bələdiyyənin qurulması, nümunəvi uçot siyasətinin formalaşdırılması sahəsindəki əməkdaşlıqlarından danışıb. Layihə əlaqələndiricisi bildirib ki, ötən il bu bələdiyyələrin ərazisində prioritet problemin müəyyənləşdirilməsi üçün sorğular keçirilib, sonra sorğunun nəticəsi və növbəti ilin büdcəsi sakinlərin iştirakı ilə geniş müzakirə olunub.

 

Bu ilin ortalarında isə 2011-ci büdcə ilinə yekun vurulması ilə bağlı hər bir bələdiyyədə yerli vergi ödəyiciləri arasında paylanması məqsədilə broşur buraxılıb. Broşurda 2011-ci ilin proqnoz və icra büdəsi ilə bağlı təfsialti ilə məlumat verildiyini deyən Q.Toğrul məqsədlərinin büdcə idarəçiliyində şəffaflığı gücləndirmək olduğunu vurğulayıb. Artıq kitabçanın digər xəbərlərlə birlikdə bələdiyyələrin saytlarına (www.lecet.az, www.qimilqishlaq.az, www.ashagizeyid.az, www.pirquluoba.az, www.godekli.az ) yerləşdirildiyini deyən layihə əlaqələndiricisi Xaçmaz rayonunda əməkdaşlıq etdikləri 5 bələdiyyənin respublika səviyyəsində nümunəvi bir yerli idarəetmə orqanına çevriləcəyinə inandığını bildirib. Daha sonra sakinlərin iştirakı ilə büdcə müzakirələri davam etdirilib.