İTM 2012-ci ilin aprel ayı üzrə inflyasiya göstəriciləri açıqladı

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin aprel ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, aprel ayında Azərbaycanda deflyasiya qeydə alınıb. Belə ki, ötən ay ölkədə istehlak qiymətləri 0,15 faiz azalıb. Bu azalma ərzaq məhsullarının ucuzlaşması hesabına baş verib: ay ərzində ərzaq məhsulları 0,47 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,13 faiz, xidmət tarifləri isə 0,34 faiz artıb.

Mart ayına nisbətdə aprel ayı ərzində paytaxt regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,24 faiz artsa da, regionlardakı 0,54 faiz azalma yekunda deflyasiya ilə nəticələnib. Bu zaman ərzaq məhsulları Bakıda 0,06 faiz bahalaşıb, regionlarda 1,00 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları isə əksinə Bakıda 0,02 faiz ucuzlaşıb, regionlarda isə 0,27 faiz bahalaşıb. Xidmətlərin dəyəri Bakıda 1,05 faiz artıb, regionlarda isə 0,37 faiz azalıb. Ay ərzində ən çox alça(11,48 faiz), nərə (11,11 faiz), köhnə kartof (10,66 faiz) və toyuq yumurtası(4,21 faiz) ucuzlaşıb. Bahalaşma isə istilik pomidoru (16,59 faiz), təzə kartofda (8,23 faiz), xidmətlərdən isə rəqs qruplarında məşğələlərdə (8,22 faiz) və digər məhsullarda qeydə alınıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin dörd ayında ölkədə 0,96 faiz, o cümlədən Bakıda 1,79 faiz, regionlarda isə 0,15 faiz inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 1,86 faiz, xidmətlər 1,29 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə 1,16 faiz ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 6,57 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 9,63 faiz, regionlarda isə 3,56 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında(10,21 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 0,70 faiz, xidmətlərdə isə 4,79 faiz təşkil edib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında aprel ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 170,00 manat, pensiyaçılar üçün 151,69 manat, 0-14 yaşlı uşaqlar üçünsə 210,73 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 106,03 manat, pensiyaçılar 93,82 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 119,30 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,49 manat, pensiyaçılar üçün 35,26 manat, 0-14 yaşlı uşaqlar üçün 73,70 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.”

İTM İctimaiyyətlə əlaqələr departamenti