Inflyasiya göstəriciləri (Avqust 2012)

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin avqust ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, avqust ayında Azərbaycanda 1,06 faiz inflyasiya qeydə alınıb. Artım əsasən ərzaq məhsullarının bahalaşması hesabına baş verib: ay ərzində ərzaq məhsullarının qiyməti 1,73 faiz artıb. Qeyri-ərzaq məhsulları 0,40 faiz, xidmət tarifləri isə 0,13 faiz bahalaşıb.
İyul ayına nisbətdə avqust ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 1,74 faiz , regionlarda isə 0,39 faiz bahalaşıb. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 2,89 faiz, regionlarda 0,59 faiz, qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,53faiz və 0,27 faiz, xidmət tarifləri isə 0,24 faiz və 0,01 faiz artıb. Ay ərzində ən çox göy lobya (44,19 faiz), kişi üçün uzunqol köynək (13,95 faiz), əla növ buğda çörəyi (4,29 faiz), sümüklü mal əti(doğranmış, çəkidə) (4,17 faiz), sümüklü qoyun əti (4,08 faiz) bahalaşıb. Qadın üçün qısaqol köynək(29,41 faiz), sarımsaq ( 23,41 faiz), baş soğan (6,25 faiz), nar (6,24 faiz), fındıq (1,67 faiz) isə ucuzlaşıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin səkkiz ayında ölkədə 2,52 faiz, o cümlədən Bakıda 4,62 faiz, regionlarda isə 0,46 faiz inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 4,03 faiz, xidmətlər 2,86 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə 0,80 faiz ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 6,53 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 9,93 faiz, regionlarda isə 3,18 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında(10,40 faiz) olub. Qeyri-ərzaq məhsullarında 0,13 faiz ucuzlaşma, xidmətlərdə isə 5,27 faiz artım baş verib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında avqust ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 165,83 manat, pensiyaçılar üçün 149,79 manat, 0-14 yaşlı uşaqlar üçünsə 204,34 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 101,9 manat, pensiyaçılar 91,82 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 113,61 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,45 manat, pensiyaçılar üçün 35,36 manat, 0-14 yaşlı uşaqlar üçün 73,00 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda 2012-ci ilin avqust ayında ölkədə ərzaq məhsullarının qiymətlərinin 0,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,3 faiz ucuzlaşdığı, qeyri-ərzaq mallarının qiymətlərinin sabit qaldığı, nəticədə isə 0,5 faiz ucuzlaşmanın(deflyasiyanın) baş verdiyi bildirilib.


İTM İctimaiyyətlə əlaqələr departamenti