Qazaxıstan neft gəlirlərini Azərbaycandan daha uğurla idarə etsə də orda şəffaflıq və hesabatlılıq bizdən aşağıdır.

Bakı şəhəri, 29 noyabr 2012

İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Qubad İbadoğlu Qazaxıstanın İctimai Siyasət Araşdırmaları İnstitutunun (İSAİ) dəvəti ilə noyabrın 24-dən 26-dək Almatı şəhərində səfərdə olub. Səfər çərçivəsində o, İSAİ -nin ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun maliyyə dəstəyi ilə Almatıda dövlət orqanlarının, beynəlxalq təşkilatların, yerli ekspertlərin və medianın iştirakı ilə Qazaxıstan və Azərbaycanda neft gəlirlərinin idarəedilməsi mövzusunda təşkil etdiyi konfransda təqdimatla çıxış edib.
Çıxışını Azərbaycanda və Qazaxıstanda neft gəlirlərinin makroiqtisadi təsirləri və nəticələrinin müqayisəli təhlilinə həsr edən natiq, hər iki ölkədə neft gəlirlərinin idarəedilməsi sahəsində mövcud problemlərə diqqət çəkib. Müqayisə nəticəsində məlum olub ki, Azərbaycanda neft hasılatının azalması dövrü 2011-ci ildən başlasa da, proqnozlara görə, Qazaxıstanda bu tendensiya 2025-ci ildən sonra müşahidə olunacaq. Belə ki, Qazaxıstanda bu il 81 milyon ton neft hasilatı gözlənilirsə, növbəti il hasılatın səviyyəsi 90 milyon tona, 2020-ci ildə 130 milyon tona, 2025 -ci ildə isə 135 milyon tona çatdırılacaq və 2030-cu ildə 110 milyon tonda qərarlaşacaq. Eyni zamanda Qazaxıstanda büdcə gəlirlərinin 25 faizi neft sektorundan daxilolmalar hesabına təmin edilirsə, Azərbaycanda növbəti il üçün bu göstərici 73 faiz təşkil edəcək. Odur ki, Qazaxıstanda qeyri-neft büdcəsinin kəsirinin ÜDM-də xüsusi çəkisinin 2012-ci ildə 7,2 faiz olacağı gözlənilir. Qazax hökuməti bu göstəricinin 2020 -ci ildə 3 faizə qədər aşağı salmağı planlaşdırır. Müqayisə üçün qeyd edək ki, müvafiq göstərici Azərbaycanda 2010-cu ildə 38 faiz, 2011-ci ildə isə 44 faiz təşkil edib. Qazaxıstanın bu sahədə əldə etdiyi nailiyyətin əsasını iqtisadiyyatın şaxələnməsi və eyni zamanda milli fonddan respublika büdcəsinə transfertlərin limitləşdirilməsi ilə izah etmək mümkündür. Belə ki, mövcud qaydalara görə, Qazaxıstanın Neft Fondundan respublika büdcəsinə transfert edilən vəsaitin məbləği 8 milyard dollar səviyyəsində qərarlaşmalıdır. Yalnız iqtisadi artım səviyyəsindən asılı olaraq bu məbləğ ətrafında 15 faizə qədər enmə və artım istiqamətində dəyişiklik edilə bilər. Ona görə də Qazaxıstanın büdcə gəlirlərinə Neft Fondundan transfertin payı 20 faizi ötmür. Azərbaycanda isə müvafiq göstərici 60 faiz ətrafında dəyişir. Makroiqtisadi kontekstdə nəticələrin qiymətləndirilməsi zamanı Qazaxıstandakı durum daha yaxşı təsir bağışlasa da, Fondun idarəedilməsində şəffaflıq və hesabatlılıq nöqteyi-nəzərində Azərbaycanda vəziyyət daha yaxşıdır. Belə ki, Qazaxıstanda Milli Fondun fəaliyyətinə dair ictimaiyyət və ekspertlər üçün qapalı olan bəzi informasiyalar Azərbaycanda müntəzəm olaraq açıqlanır. Eyni zamanda neft gəlirlərinə dair informasiyaya əlçatanlıq səviyyəsi Qazaxıstanla müqayisədə Azərbaycanda daha yüksəkdir. Çünki Azərbaycanda Neft Fondunun ayrica internet səhifəsi olduğu halda Qazaxıstanda Milli Fondun saytı yoxdur.
Bütn bunlarla yanaşı, tədbridə iştirak edən ekspertlər qeyd ediblər ki, hazırkı dövr üçün ən vacib məsələ yığılmış neft gəlirlərinin daha səmərəli idarəedilməsidir. Ötən il Qazaxıstanda aktivlərin idarə edilməsindən əldə olunan gəlirlərin faizi Azərbaycandan 2 dəfə yüksək olsa da, hazırda 55 milyard dollarlıq aktivlərə malik olan Qazaxıstanın Milli Fondu bu vəsaitlərin alternativ investisiya siyasəti vasitəsilə daha gəlirli idarə olunmasına çalışır.
İTM İctimaiyyətlə əlaqələr departamenti