Ermənistan və Gürcüstanın hərbi xərclərinin büdcədəki payı Azərbaycandan yüksəkdir

19 noyabr 2012
Ermənistan və Gürcüstanın hərbi xərclərinin büdcədəki payı Azərbaycandan yüksəkdir
Noyabrın 16-17-də İcveçrənin Cenevrə şəhərində “Qafqaz 2025-ci ildə: baxışlar” mövzusunda müzakirələr keçirilib. Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və Türkiyədən, eləcə də İsveçrə Xarici İşlər Nazirliyindən və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edib. Azərbaycanı tədbirdə İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva və İctimai Maliyyənin Monitorinqi Mərkəzinin sədri İnqilab Əhmədov təmsil edib.
Tədbirlə bağlı məlumat verən Q.İbadoğlunun sözlərinə görə, iqtisadçılar yalnız Azərbaycandan dəvət olunub, digər iştirakçılar politoloqlar, konfliktoloqlar və diplomatlar olub: “Əsas müzakirə mövzusu bölgədə sülhün bərpa olunması istiqamətində təşəbbüslər göstərmək, onları dəyərləndirmək və onların baş tutması üçün səyləri birləşdirmək idi . Eyni zamanda tədbir də regional iqtisadi inteqrasiya, infrastruktur və enerji layihələri müzakirə predmeti oldu.”
Tədbirdə Q.İbadoğlu Cənubi Qafqazın 3 dövlətinin hərbi xərclərinin müqayisəli təhlilini verib. Bildirib ki, bölgədə yeganə dövlət Azərbaycandır ki, öz vəsaiti hesabına investisiya qoymaq problemi yoxdur: “Ermənistan və Gürcüstan belə vəsaitlərə malik deyillər, investisiya cəhətdən ciddi çətinliklər yaşayırlar. İnvestisiya problemini həll etmək üçün Ermənistan və Gürcüstan xarici borclanmaya getməyə məcburdur. Artıq Ermənistanda xarici borcların ÜDM-də payı 40 faizi ötüb. Amma buna baxmayaraq, dövlət büdcəsində hərbi xərclərin payı hər iki dövlətdə Azərbaycandan çoxdur. Belə ki, 2013-cü ilin proqnoz göstəricilərinin müqayisəsi göstərir ki, dövlət büdcəsində müdafiə xərclərinin payı Ermənistanda 21,1 faiz, Azərbaycanda 7,7 faiz, Gürcüstanda isə 9,3 faiz təşkil edəcək.”