Quba və Xaçmaz bələdiyyələri problemlərini dövlət qurumları ilə müzakirə etdilər



İqtisadi Tədqiqatlar Mərkəzi 03 dekabr 2012-ci ildə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) maliyyə dəstəyi ilə Quba və Xaçmazın 10 tərəfdaş bələdiyyəsində həyata keçirdiyi layihənin 2 illik yekunlarının ictimai müzakirəsinin təşkili məqsədi ilə Bakıda Dəyirmi Masa təşkil edib. Park INN otelində gerçəkləşən dəyirmi masada tərəfdaş bələdiyyələrdə həyata keçirilən fəaliyyətlərlə yanaşı, Vətəndaşın Rəy Kartı vasitəsi ilə aşkara çıxarılmış sosial-iqtisadi problemlərin həlli yolları da müzakirə olunub. Tədbirdə 10 tərəfdaş bələdiyyənin nümayəndələri ilə yanaşı, Milli Məclis, hökumət və QHT təmsilçiləri də iştirak ediblər.
Dəyirmi Masanı giriş sözü illə İqtisadi Tədqiqatlar Mərkəzinin idarə heyətinin üzvü Qubad İbadoğlu açıb. O, İTM-in yerli özünüidarəetmə orqanları ilə apardığı layihələr haqqında geniş məlumat verib. Bundan sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
Yerli Özünüidarəetməyə Dəstək Proqramının rəhbəri Katarina Lampe və həmin Proqramın əlaqələndiricisi Fidan Qasımova layihə çərçivəəsində həyata keçirilən fəaliyyətlər və onların nəticələri haqqında danışıblar. Bundan sonra tərəfdaş bələdiyyələrin nümayəndələri Xaçmaz rayon Ləcət bələdiyyəsinin sədri Mirzə Şahbazov və Quba rayon Talabıqışlaq bələdiyyəsinin sədri Xanlar Heybətov layihənin faydaları haqqında tədbir iştirakçılarına məlumat veriblər. Çıxışlardan sonra təqdimatlar edilib. İlk təqdimatı İTM-in eksperti Rəcəb İmanov edib. O, “Quba-Xaçmaz İqtisadi Rayonunda 2012-ci ilin ilk 6 ayında yerli özünüidarəetmə orqanlarının gəlir və xərclərinin təhlili” mövzusunda olan təqdimatında respublikada və Quba-Xaçmaz İqtisadi Regionunda fəaliyyət göstərən bələdiyyələrin gəlir və xərcləri haqqında ətraflı məlumat verib. Ekspert gəlir və xərclərin ötən ilin müvafiq dövrü ilə müqayisəsini verməklə yanaşı, gəlir və xərclərdə xüsusi paya malik olan maddələrin də təhlilini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Dəyirmi Masada ikinci təqdimatı edən layihənin əlaqələndiricisi Qalib Toğrul iki il ərzində 10 tərəfdaş bələdiyyədə həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat verib. O, təqdimatın ikinci hissəsində tərəfdaş bələdiyyələrdə Vətəndaşın Rəy Kartı vasitəsi ilə aşkara çıxarılmış problemləri görüş iştirakçılarının diqqətinə çatdırıb.
Təqdimatlardan bələdiyyələrdəki sosial-itisadi problemlər ətrafında geniş müzakirə aparılıb, dövlət qurumlarının nümayəndələri sualları cavablandırıblar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov sakinlərin kənd təsərrüfatı məhsullarını sata bilməməsi problemlərinə toxunaraq bildirib ki, regionlarda yetişdirilən məhsulların bazara çıxış imkanlarının artırılması üçün Kənd Təsərrüfatı Nazirliyi Bakıda ardıcıl yarmarkalar təşkil edir. Bundan əlavə, o, regionlarda məhsulların saxlanılması üçün soyuducu kameraların tikildiyini diqqətə çatdırıb. Nazirliyin nümayəndəsi etiraf edib ki, məhsulların xarab olmaması üçün onlar üçün xarici satış bazarlarının tapılması və kooperativlərin yaradılmasına ehtiyac var.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Aşıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Teymur Osmanov suvarma suyu ilə bağlı problemlərin aradan qaldırılması və su itkilərinin azaldılması üçün təmsil etdiyi səhmdar cəmiyyətin gördüyü işlərdən danışıb.
Səhiyyə Nazirliyinin nümayəndəsi Dürdanə Dadaşova isə tibb məntəqələrinin uyğun binalarda yerləşdirilməsi və onlar üçün lazımi şəraitin yaradılması məsələsinin nazirlikdə əlaqədar şöbələrdə müzakirə olunacağını diqqətə çatdırıb.
Xaçmaz rayonundan millət vəkili seçilmiş Arif Əşrəfovun köməkçisi Sevda Bağırova Xaçmaz rayonu Aşağı Zeyid Bələdiyyəsinin problemlərini daim diqqətdə saxladıqlarını və yaxın günlərdə bu məsələ ilə bağlı müvafiq qərarların qəbul olunacağını bildirib.