Biznes-vətəndaş cəmiyyəti münaisbətlərində dönüşə nail olmaq yolları müzakirə edilib

İqtisadi Tədqiqatlar Mərkəzi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin Mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən yerli düşüncə mərkəzlərinin institutsional və tədqiqat imkanlarının artırılması yolu ilə onların qərarların qəbulunda iştirakını və hökumətin fəaliyyətinin gücləndirilməsində rolunu artırmaqdan ibarətdir.
Dekabrın 6-da layihə çərçivəsində tərəfdaşlıq edilən beyin mərkəzləri ilə biznes icmasının qarşılıqlı əməkdaşlıq imkanları ilə bağlı müzakirələri təşkil olunub. Tədbirdə çıxış edən İTM İdarə Heyətinin üzvü Qubad ibadoğlu ilk öncə iştirakçılara layihə şərşivəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində tərəfdaşlıq edilən 18 beyin mərkəzi üçün 3 dəfə təlim təşkil olunub. Təlimlər “Beyin mərkəzlərinin strateji idarəedilməsi”, “Beyin mərkəzlərinin siyasət sənədlərinin keyfiyyətinə nəzarətin artırılması” və “Beyin mərkəzlərində strateji planlaşdırma” mövzusuna həsr olunub. Bundan əlavə, İTM tərəfdaş düşüncə mərkəzlərinə strateji menecment və keyfiyyətə nəzarət institutlarının təşkilində metodiki dəstək göstərib: “Layihənin hazırkı mərhələsində tərəfdaş mərkəzlərin biznes icmasına tanıdılması, qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunması istiqamətində fəaliyyətlər həyata keçirilir. Bugünkü tədbir həmin fəaliyyətin bir hissəsidir.” Daha sonra Q.İbadoğlu beyin mərkəzi anlayışı, Qərbi Avropa, ABŞ və Asiyanın inkişaf etmiş ölkələrində belə mərkəzlərin oynadığı rol, Azərbaycanda bu institutların inkişaf vəziyyətindən danışıb. Bildirib ki, hazırda dünyanın 169 ölkəsində 5500-dən çox beyin mərkəzi fəaliyyət göstərir ki, bunların da 34 faizi ABŞ-ın payına düşür: “Beyin mərkəzləri dünyada dövlət siyasətinin müəyyənləşməsində, siyasət qərarlarının qəbulunda böyük rola malikdirlər. Biz istəyirik ki, Azərbaycanda da belə mərkəzlər yüksək inkişaf səviyyəsinə çata bilsinlər, siyasət qərarlarının qəbulunda iştirak etsinlər. ” Q.İbadoğlunun verdiyi məlumatdan aydın olub ki, Azərbaycanda 4 qrup beyin mərkəzləri fəaliyyət göstərir: biznes subyektlərinin nəzdində, dövlət qurumlarının nəzdində, universitetlərin nəzdində və müstəqil fəaliyyət göstərən mərkəzlər. Onun sözlərinə görə, bu mərkəzlərin institutsional bilik və bacarıqların yetərsizliyi , strateji idarəetmə, keyfiyyətə Nəzarət və maliyyə dayanıqlığı sahəsində problemləri var. Q.İbadoğlu layihə çərçivəsində tərəfdaş mərkəzlərin problemlərinin aradan qaldırılması üçün nəzərdə tutulan fəaliyyətlər barədə də iştirakçılara məlumat verib.
Təqdimatdan sonra iştirakçılar müzakirələrə başlayıblar. Vergilər Nazirliyindən Zaur Quliyev, Bakı Biznes Universitetindən Eşqin Bayramov, bp-Azərbaycan şirkətindən Xalid Rəcəbov, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasından Vüsalə Qarayeva, Prezident yanında Strateji Araşdırmalar Mərkəzindən Sahib Cəfərov, Bakcell şirkətindən Süheylə Cəfərova, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondundan Ayxan Nəsibli, Balans İctimai Birliyindən Möhubbəli Nağıyev, Demokratik İslahatçı Gənclər Birliyindən Vüsalə Hüseynli, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətindən Nabat Qəniyeva və digərlərinin çıxış etdiyi müzakirələr əsasən beyin mərkəzləri ilə biznes icmasının əlaqələrindəki problemlər və onların aradan qaldırılması yolları barədə olub. Tərəflər Azərbaycanda biznesin qeyri-hökumət təşkilatlarına etimadsızlığı, vətəndaş cəmiyyəti institutlarının biznesi maraqlandıra biləcək təkliflərlə çıxış etməməsi, dövlətin biznesi vətəndaş cəmiyyəti ilə əlaqələri gücləndirməyə stimullaşdırmaması və sair problemlərlə bağlı fikir mübadiləsi aparıblar. Yekunda əlaqələrin gücləndirilməsi üçün ilk növbədə tərəflərin bir-birinə tanıdılması istiqamətində addımların atılmasının gərəkdiyinə dair ümumi rəyə gəlinib.
İTM İctimaiyyətlə əlaqələr departamenti