Millət vəkili bələdiyyənin büdcə dinləməsində iştirak etdi

TƏDBİR İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİNİN TƏŞƏBBÜSÜ İLƏ BAŞ TUTUB

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Quba rayonunda tərəfdaşlıq etdiyi Timiryazev Bələdiyyəsində büdcə dinləməsi keçirib. Dinləmədə 80-ə yaxın bələdiyyə sakini iştirak edib. İTM-in dəvəti ilə 52 saylı Quba Seçki Dairəsindən Milli Məclisin deputatı Vahid Əhmədov da tədbirdə iştirak edib. Büdcə dinləməsini İTM-in layihə əlaqələndiricisi Qalib Toğrul idarə edib. Əvvəlcə Timiryazev Bələdiyyəsinin sədri Məhəmmədov Eldarov millət vəkilini, İTM-in layihə əlaqələndiricisini və yerli sakinləri salamlayaraq onlara maraqlı müzakirə arzulayıb.
Sonra bələdiyyənin mühasibi Zahir Qasımov 2012-ci il büdcəsinin 9 aylıq icra vəziyyəti barədə hesabat verib. 2012-ci il büdcəsi gəlirlərinin 26982 manat civarında proqnozlaşdırıldığını deyən bələdiyyə qulluqçusu bu ilin 9 ayında gəlirlərdə 23 718 manatlıq icra qeydə alındığını söyləyib.
2012-ci ilin ötən 11 ayında bələdiyyəyə daxil olan Zizik kəndində 1,5 km yaxın kənd daxili yoların təmir edildiyini, mənzillərə içməli su xətləri çəkildiyini vurğulayan Z. Qasımov hazırda bələdiyyənin bütün ərazisinə dövlət tərəfindən kanalizasiya və içməli su xətləri çəkildiyini deyib.
Bələdiyyənin mühasibi onu da deyib ki, 2012-ci ildə bələdiyyə ərazisinin Quba rayon mərkəzinə birləşən hissəsində səkilərin qurulması, yol kənarlarında olan divarların, elektirik dirəklərinin rənglənməsi və digər abadlıq işləri həyata keçirilib.
Z. Qasımov problemlərə də toxunub: “Kanalizasiya və su xətləri çəkiləndən sonra kəndarası yollar yararsız vəziyyətə düşüb, onların təmirinə ehtiyac var. Eyni zamanda, yeni salınan məhəllələrə qaz xətlərinin çəkilməsi, bu məhəllələrin işıq təminatının yaxşılaşdırılması da problem olaraq qalır”.
Mühasib 2013-cü ilin proqnoz büdcə göstəricilərini də açıqlayıb. Bildirib ki, gələn ilin büdcə gəlirləri 78 750 manat məbləğində proqnozlaşdırılıb.
Daha sonra sakinləırin iştirakı ilə müzakirələr başlayıb. Millət vəkili Vahid Əhmədov müzakirələrdə yaxndan iştirak edib, sakinlərin suallarını cavablandırıb, onların problemlərini dinləyib. Problemlər daha çox təhsil müəssisələrinin vəziyyəti, ünvanlı sosial yardımın verilməsi və yolların təmiri ilə bağlı olub. Millət vəkili bütövlükdə Quba rayonunun, o cümlədən Timiryazev Bələdiyyəsinin sakinlərinin problemləri ilə mütəmadi maraqlandığını, onları diqqətdə saxladığını bildirib.
V. Əhmədov qeyd edib ki, Timiryazev bələdiyyəsi sakinləri üçün 15 hektar həyətyanı torpaq sahəsinin ayrılması probleminin həll olunması üçün müxtəlif dövlət qurumlarının rəhbərləri ilə görüşlər keçirib: “Çox şadam ki, bu problem müsbət həll olundu. Hazırda bələdiyyə ərazisində kanalizasiya və içməli xətlərinin çəkilməsi də bizim rayon icra hakimiyyəti ilə birgə əməyimizin məhsuludur. Azərbaycan yenicə müstəqillik qazanmış dövlətdir, regionda öz inkişafı və strateji mövqedə yerləşməsi ilə onu istəməyənləri qıcıqlandırır. Azərbaycanın regionda yeganə dostu qardaş Türkiyədir. Ona görə də bütün böyük layihələrimizi Türkiyə vasitəsi ilə reallaşdırırıq. Türkiyə vasitəsi ilə qazımızı Avropaya çıxarırırq”.
Sakinlərin mövsüm ərzində meyvə satışı ilə bağlı problemlərindən xəbərdar olduğunu bildirən millət vəkili bu problemin həlli üçün müəyyən işlərin görüldüyünü, gömrükdə yaradılan problemin aradan qaldırılması üçün çalışdıqlarını deyib. V. Əhmədov bələdiyyə sədrinə məsləhət görüb iri bağçılıq təsərrüfatı olanlar bələdiyyənin təşəbbüsü ilə kooperativ yaratsınlar.
Tədbir ərzində sakinləri diqqətlə dinləyən millət vəkili onların sosial problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəyini bildirib və bu işdə bələdiyyənin də müəyyən işləri görməsinin vacibliyini önə çəkib.
Qeyd edək ki, büdcə dinləməsi İTM-in Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində strateji planlaşdırma, büdcə tərtibi və maliyyə idarəçiliyində şəffaflığı və hesabatlılığı yaxşılaşdırmaq” layihəsi çərçivəsində baş tutub.

İTM İctimaiyyətlə əlaqələr departamenti