İTM dekabr ayı və ötən il üzrə yekun inflyasiya göstəricisini təqdim edir.

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin dekabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini və ötən il üzrə yekun inflyasiya göstəricisini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, dekabr ayında Azərbaycanda 1,72 faiz inflyasiya qeydə alınıb. Müşahidələr göstərib ki, ötən ay ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım baş verib. Ən yüksək artım isə ərzaq məhsullarının qiymətində qeydə alınıb - 5,87 faiz. Qeyri-ərzaq məhsulları dekabrda 0,49 faiz, xidmət tarifləri isə 0,28 faiz bahalaşıb.

Noyabr ayına nisbətdə dekabr ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,24 faiz , regionlarda isə 1,20 faiz bahalaşıb. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 3,68 faiz, regionlarda 8,03 faiz, qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,75 faiz və 0,23 faiz, xidmət tarifləri isə 0,34 faiz və 0,22 faiz artıb. Ay ərzində ən çox üzüm (37,73 faiz), kütüm, sazan, xəşəm (30,95 faiz), şabalıd(27,98 faiz), qurudulmuş ərik(19,05 faiz), 750 əyarlı qızıl üzük(10,54 faiz) bahalaşıb. Toyuq (3,03 faiz), şəkər (1,05 faiz), kəsilmiş taxta (2,50 faiz) isə ucuzlaşıb.
Hesablamalar göstərib ki, 2012-ci il ərzində ölkədə 9,92 faiz, o cümlədən Bakıda 14,76 faiz, regionlarda isə 5,17 faiz inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 18,15 faiz, xidmətlər 5,47 faiz, qeyri-ərzaq məhsulları isə 3,37 faiz bahalaşıb.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında dekabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 172,48 manat, pensiyaçılar üçün 154,64 manat, 0-14 yaşlı uşaqlar üçünsə 209,94 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 106,97 manat, pensiyaçılar 94,21 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 116,15 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 39,98 manat, pensiyaçılar üçün 37,82 manat, 0-14 yaşlı uşaqlar üçün 76,06 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.


İTM İctimaiyyətlə əlaqələr departamenti