Dövlət orqanları ilə tərəfdaş düşüncə mərkəzləri bir araya gətrildi

İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyyətlərın İctimai Assossiyası (PASOS) və “Kamil vətəndaş” İctimai Birliyi ilə tərəfdaş olaraq Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən yerli düşüncə mərkəzlərinin institutsional və tədqiqat imkanlarının artırılması yolu ilə onların qərarların qəbulunda iştirakını və hökumətin fəaliyyətinin gücləndirilməsində rolunu artırmaqdan ibarətdir.
Fevralın 27-də layihə çərçivəsində tərəfdaşlıq edilən düşüncə mərkəzləri ilə dövlət orqanları arasında münasibətlərin inkişaf etdirilməsi, ehtiyacların müəyyənləşdirilməsi, mövcud və perspektiv əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, bütövlükdə qarşılıqlı və faydalı əməkdaşlıq üçün münbit zəminin yaradılmasına xidmət edən dialoqun yaradılması məqsədilə tərəflərin fikir mübadiləsi üçün dəyirmi masa müzakirəsi təşkil olunub. Tədbirdə tərəfdaş mərkəzlərin nümayəndələri və 17-dək dövlət orqanının təmsilçisi iştirak edib.
Dəyirmi Masada ilk olaraq layihənin rəhbəri Dünya Camalova çıxış edərək, iştirakçılara layihə və tədbirin məqsədi barədə qısa məlumat verib. Daha sonra İTM İdarə Heyətinin üzvü Qubad İbadoğlu layihə çərçivəsində görülən işlər, qarşıya qoyulan məqsədlər, Azərbaycanda beyin mərkəzləri ilə dövlət orqanlarının əməkdaşlığı sahəsində mövcud vəziyyətə dair təqdimatla çıxış edib. Bildirib ki, neft gəlirlərinin postpik dövrünü yaşayan Azərbaycanda sosial-iqtisadi tədqiqatlarla məşğul olaraq proqressiv ideyalarla dövlət siyasətinin təkmilləşməsinə yardım göstərəcək beyin mərkəzlərinin fəaliyyətinin gücləndirilməsinə böyük ehtiyac var: “Biz bu ehtiyacı nəzərə alaraq, onu təmin etmək məqsədilə bu layihəni həyata keçiririk.” Q.İbadoğlunun verdiyi məlumata görə, layihə çərçivəsində əməkdaşlıq edilən tərəfdaş düşüncə mərkəzləri üçün hər biri 3 günlük olmaqla 4 dəfə təlim təşkil olunub. “Düşüncə mərkəzlərinin strateji idarəedilməsi”, “Düşüncə mərkəzlərinin siyasət sənədlərinin keyfiyyətinə nəzarətin artırılması”, “Düşüncə mərkəzlərində strateji planlaşdırma”, “Düşüncə mərkəzlərində vəsait axtarışı və maliyyə-uçot siyasəti” mövzularına həsr olunmuş təlimlərdə təlimçi qismində tanınmış yerli və xarici mütəxəssislər iştirak ediblər. Həmçinin tərəfdaş düşüncə mərkəzlərinə strateji menecment və keyfiyyətə nəzarət institutlarının təşkilində metodiki dəstək göstərib. Bundan əlavə, tərəfdaş mərkəzlərin biznes icmasına tanıdılması, qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə tərəflərin iştirakı ilə dəyirmi masa təşkil edilib.
Q.İbadoğlunun təqdimatından sonra iştirakçılar Azərbaycanda düşüncə mərkəzlərinin inkişafı sahəsində vəziyyət, dövlət orqanları ilə belə mərkəzlərin əməkdaşlıq müstəvisinin genişləndirilməsi yolları barədə müzakirələr aparıblar. Müzakirələrdə çıxş edən Bakı şəhər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Cahangir Qocayev bildirib ki, müxtəlif istiqamətlər üzrə dövlət siyasətini düzgün müəyyənləşdirmək üçün ilk növbədə düzgün qərarların verilməsi lazımdır. Belə bir qərar isə tədqiqatlara əsaslanan alternativ fikir və təkliflərin mövcudluğu şəraitində verilə bilər.
Təhsil Nazirliyinin təmsilçisi Elvin Rüstəmov Azərbaycanda tədqiqat mərkəzlərinin ənənəvi maliyyələşmə mexanizminin effektiv nəticə əldə etməyə imkan vermədiyini, buna görə də onun dəyişilməsinin gərəkdiyini qeyd edib: “Siz çox zəruri bir sahədə işə başlamısınız. Dövlət də bu zərurəti qəbul edir və artıq bir sıra təşkilatlarda tədqiqat mərkəzləri yaradılıb.” E.Rüstəmovun sözlərinə görə, Sovet dövründən qalma elmi-təqiqat institutlarındakı mövcud əmək haqqı ilə ciddi nəticə əldə olunması mümkün deyil.
Vergilər Nazirliyinin idarə rəisi İmran Qarayev hesab edir ki, dövlətdən sifariş almaq istəyən düşüncə mərkəzi ilk növbədə dövlətin tələbatını öyrənməlidir: “Dövlət başçısının elan etdiyi “Azərbaycan 2020” inkişaf konsepsiyası ilə bağlı beyin mərkəzlərinin görə biləcəyi həddindən çox işlər var. Lakin hələ bir dənə də olsun beyin mərkəzindən hansısa iqtiqamət üzrə təklif verilməyib.”
Xarici İşlər Nazirliyinin nümayəndəsi Nahid Cəfərov Avropa və Amerikada beyin mərkəzlərinin xarici siyasətin formalaşmasına böyük töhvələr verdiklərini bildirib. Onun fikrincə, Azərbaycanın beyin mərkəzləri Dağlıq Qarabağ münaqişəsinə dair xarici siyasətlə bağlı təkliflər hazırlamaq üçün ilk növbədə erməni diasporunun iş prinsipini dərindən öyrənməli və analiz etməlidilər.
Dəyrimi Masa müzakirələrlə davam etdirilib.
Əlavə məlumat üçün Layihə rəhbəri Dünya Camalova ilə əlaqə yarada bilərsiniz.

Tel: +99412 4651847, E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.