Qara dəniz təhlükəsizlik şəbəkəsinin toplantısı keçirilir

Qubad İbadoğlu az gəlirli və yüksək borclanmaya gedən ölkələrdə silahlanmaya xərcləmələrin çoxluğundan narahatlığını ifadə edib

Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə və informasiya dəstəyi ilə həyata keçirilən Qara Dəniz Təhlukəsizlik Şəbəkəsinin mayın 15-də Moldovanın paytaxtı Kişinyovda başlayan regional toplantısı bu gün işini başa çatdirir. Bölgənin 10 ölkəsindən 50-dək tanınmış ekspertin qatıldığı tədbridə Azərbaycanı Helsinki Assambleyasının Bakı Bürosunun rəhbəri Arzu Abdullayeva, Bakı Jurnalistika Məktəbinin direktoru Zərdüşt Əlizadə və İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu təmsil edir. Toplantının birinci günü Helsinki Assambleyasının Bakı Bürosunun rəhbəri Arzu Abdullayeva bu istiqamətdə gördüyü işlərlə bağlı hesabatla, Bakı Jurnalistika Məktəbinin direktoru Zərdüşt Əlizadə Qara dəniz bölgəsində konfliktlərin həlli imkanları barədə təqdimatla çıxış edib. Toplantıda həmçinin Bohran Qrupunun proqram rəhbəri Sabien Freizerin, Gürcüstanın Respublikaçılar İnstitutunun rəhbəri İvlian Haindravanın, Finlandiyanın Böhranın İdarəedilməsi İnstitutunun bölgə üzrə nümayəndəsi Mikheil Mirziaşvilinin, Rusiya Elmlər Akademiyasının təmsilçisi Aleksandr Skakovun və digələrinin çıxışları dinlənilib.
İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlunun çıxışı Qara dəniz ölkələrinin iqtisadiyyatı, ticarəti və konfliktlərə həsr olunub. Q. İbadoğlu çıxışında Qara dəniz regionuna daxil olan 10 ölkənin iqtisadi vəziyyətinin xarakteristikasını verib. Məlum olub ki, Dunya Bankının təsnifatına görə, bölgədə yalnız Yunanıstan və Rusiya yüksək gəlirli, Türkiyə, Azərbaycan, Bolqarstan və Rumıniya orta səviyyədən yüksək gəlirli , Ermənistan, Gürcüstan, Moldova və Ukrayna isə orta səviyyədən aşağı gəlirli ölkələr qrupuna daxildir. O qeyd edib ki, buna baxmayaraq, bölgə ölkələrində müdafiə xərclərinin ÜDM-də payı yüksək olan ölkələr siyahısına Rusiya, Gürcüstan və Ermənistan başçılıq edir. Belə ki, 2013-cü il üçün təsdiq olunmuş müdafiə büdcəsinin ÜDM-də xüsusi çəkisi Rusiyada 5,1 faiz, Gürcüstanda 4,4 faiz. Ermənistanda isə 4,1 faiz təşkilı edəcək. Azərbaycanda isə müvafiq göstərici 3,4 faiz olacaq.
Çıxışında diqqəti həm də borc böhranına çəkən Q. İbadoğlu bu sahədə ən yaxşı vəziyyətin Rusiyada və Azərbaycanda olduğunu qeyd edib. Bu ölkələrdə dövlətin xarici borclarının ÜDM-də payı 10,8 və 11,6 faiz olub. Müvafiq göstəricilər Ermənistanda 39,5 faiz, Ukraynada 37,4 faiz, Türkiyədə 36,4 faiz və Gürcüstanda isə 32,7 faiz olub.
Q.İbadoğlu az gəlirli və yüksək borclanmaya gedən ölkələrin silahlanmaya xərclədikləri vəsaitlərin onların milli gəlirlərində yüksək paya malik olduğunu və ildən-ilə artdığını faktlarla sübut edərək, bölgədə qərarlaşmış bu korrelyasiyanın münaqişələrin həllinə ziyan vurdugunu qeyd edib.