Açıq Hökumətlə bağlı görülən işlər qiymətləndiriləcək

Azərbaycan hökumətinin Açıq Hökumət Təşəbbüsü çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyəti monitorinq olunacaq. Monitorinqin məqsədi ölkə Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası sahəsində görülən işləri qiymətləndirməkdir. 
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə, Şəffaflıq Azərbaycan təşkilatının təşkilati dəstəyi ilə ölkənin bir qrup nüfuzlu QHT-ləri tərəfindən həyata keçirilən layihə çərçivəsində xarici ekspertlərin iştirakı ilə xüsusi monitorinq metodologiyası hazırlanıb. Metodologiyanın layihə ekspertlərinə təqdimatı məqsədilə layihənin icraçılarından biri olan İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində seminar təşkil olunub. Seminarda Fəaliyyət planında informasiya azadlığının təmin edilməsi, elektron xidmətlərin təşkili, “Bir pəncərə” prinsipinin tətbiqi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və ictimaiyyətin iştirakının təmin edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vəziyyətini qiymətləndirməyə imkan verən metodologiya ekspertlərə izah edilib, onların sualları cavablandırılıb, təklifləri toplanıb. Tədbirdə Şəffaflıq Azərbaycan Təşkilatının rəhbəri Rəna Səfərəliyeva bildirib ki, metologiya əsasında aparılan monitorinqin nəticələri beynəlxalq səviyyədə açıqlanacaq və bu proses 4 il davam edəcək. Hər il hökumətin gördüyü işlər qiymətləndirilərək müvafiq hesabat açıqlanacaq.
Ekspertlər isə bildiriblər ki, hesabatın məlumat bazası dövlət orqanlarına göndəriləcək çoxsaylə informasiya sorğularının cavabları əsasında formalaşacaq. Bu isə o deməkdir ki, həmin orqanlar beynəlxalq səviyyədə Azərbaycanın Açıq Hökumət Təşəbbüsün icrası sahəsində hansı yeri tutmasına görə məsuliyyət daşıyacaqlar.