Balakən və Oğuz rayonlarında həyata keçirilən layihələr yekunlaşdı

Növbədə Zaqatala və Qaxdır

Avropa İttifaqının maliyyə dəstəy ilə British Council-un həyata keçirdiyi "İcmanın İnkişafı üçün İcmadaxili Əməkdaşlıq və Dialoq" layihəsi çərçivəsində iyunun 25-də Balakən rayonunun Hənifə Bələdiyyəsində, iyunun 26-da isə Oğuz Şəhər Bələdiyyəsində resurs qrup üzvlərinin bələdiyyə nümayəndələri, icma üzvləri və yerli QHT-lərlə görüşü keçirilib. Məqsəd hər iki rayonda həyata keçirilən layihə çərçivəsində görülən işləri qiymətləndirmək olub.
Balakən rayonunun Hənifə bələdiyyəsində adıçəkilən layihə çərçivəsində Vətəndaşın Rəy Kartı metodologiyası əsasında sakinlər arasında sorğu keçirilərək prioritet problem müəyyənləşdirilib, qərara alınıb ki, şosse yoldan bələdiyyə binasına qədər olan 2 kim-lik yol təmir edilsin. Daha sonra British Council-un təşəbbüsü ilə bir neçə dəfə bələdiyyə üzvləri və icma nümayəndələri problemin həlli yolları barədə müzakirələr aparıblar. Nəhayət, hər iki tərəfin birgə səyləri ilə yol təmir olunub. Sonuncu səfər zamanı yolun təmir olunmuş hissəsinə baxış keçirilib, bələdiyyə-icma-QHT əməkdaşlığının gücləndirilməsi, bələdiyyənin işində ictimai iştirakçılığın yüksəldilməsi, hesabatlılığın və şəffaflığın artırılması imkanları dəyərləndirilib.
Layihə çərçivəsində daha bir fəaliyyət istiqaməti kimi Oğuz Şəhər Bələdiyyəsinin dəstəyi, yerli QHT-lərin iştirakı ilə gənclərin asudə vaxtların səmərəli təşkili məqsədi ilə Resurs Mərkəzinin bazasında Oğuz Gənclər Ocağı yaradılıb. Gənclər Ocağının nəzdində kitabxana yardılıb. Mədəniyyət və Turizm Nazirliyi ktabxananı müxtəlif məzmunli yeni nəşrlərlə təmin edib. Gələcəkdə kitabxanaya digər mənbələrdən də kitabların cəlbi planlaşdırılır. Gənvclər ocağı internet və kompyuterlərlə təmin olunaraq müxtəlif mövzularda müzakirələrin aparılması, pulsuz kurs və dərnəklərin təşkili məqsədilə onların istifadəsinə verilib.
İlin ikinci yarısında oxşar layihələrin Zaqatala və Qaxda həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə Zaqatala rayonu Mosul Bələdiyyəsinin sədri İbrahim İbrahimov və Qax rayonu Tasmalı Bələdiyyəsinin sədri Aydın Sərdarovla hər iki rayondan olan QHT nümayəndələrinin və gənclərin iştirakı ilə görüşlər keçirilib, ilkin əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, layihə çərçivəsində Balakən, Zaqatala, Qax və Oğuzda əvvəlcə ehtiyac qiymətləndirilməsi aparılıb, daha sonra bələdiyyə üzv, qulluqçuları və yerli QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər keçirilib.
İqtisadi Tədqiqatlar Mərkəzi layihədə British Council-un bələdiyyə komponenti üzrə tərəfdaşıdır.