Mərkəzi Aran bələdiyyələrinə təlim keçilib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 17-18 aprel 2014-cü il tarixlərində Bərdə şəhərində Mərkəzi Aran regionunda əməkdaşlıq etdiyi 14 bələdiyyənin təmsilçilərinə təlim keçib. Təlim Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Bəllədiyyələrdə şəffaflığı və hesabatlılığı, büdcə və maliyyə idarəetməsini eləcədə kənd və şəhərlərdə vətəndaş iştirakçılığının mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Təlimin məqsədi İTM-in tərəfdaş bələdiyyələrdə tətbiq olunan texnoloji məhsulu - “Şəffaf büdcə” Proqramının istifadəsi istiqamətində bilik və təcrübənin təkmilləşdirilməsi olub.

Təlimin birinci günündə Bərdə rayonunun Əlyanlı, Mollagüllər, Xanərəb, Kətəlparaq, Dəymədağıldı, Zümürxan və Ağcabədi rayonunun Gələbədin bələdiyyələri, ikinci günündə isə Bərdə rayonunun Yeni Daşkənd, Samuxlu, Böyük Göyüşlü, Alaçadırlı, Tərtər rayounun İsmayılbəyli, Hacıqərvənd və Ağcabədi rayonunun Avşar bələdiyyəsinin nümayəndələri iştirak ediblər.
Təlimdə layihənin koordinatoru Qalib Toğrul layihə haqqında məlumat verib və “Şəffaf büdcə” Proqramının mahiyyəti və üstünlükləri haqqında təqdimatla çıxış edib. Təqdimatdan sonra Q.Toğrul bələdiyyə nümayəndələrinin suallarına (proqramın əldə edilməsi, istifadəsi və təhlükəsizliyi ilə bağlı) ətraflı cavablar verib.
Növbəti təqdimatı layihənin eksperti Rəcəb İmanov edib. O, “Şəffaf büdcə” proqramını interaktiv olaraq iştirakçılara nümayiş etdirib. R.İmanov proqramın bazasının formalaşdırılması, vergi və ödənişlərin daxil edilməsi və proqramın avtomatik olaraq hazırladığı “Ümumi borc”, “Tədiyyə bildirişi”, “Şəxsi hesab” və digər məlumatverici nəticələrin əldə edilməsi ilə bağlı təlim iştirakçılarına əyani misallar göstərib. Təlimçi qeyd olunan istiqamətlər üzrə sualları cavablandırdıqdan sonra bələdiyyə nümayəndələri fərdi formada proqramda işləmək bacarırıqlarını nümayiş etdiriblər. Daha sonra nəticələr qarşılıqlı müzakirə olunub.