15 836 000 000 manatlıq müdafiə xərcləri


Son 10 ildə (2008-2017-ci illərdə) dövlət büdcəsindən birbaşa müdafiə xərcləri adı altında 15 milyard 836 milyon manat vəsait ayrılıb. Bu məqsədlə hər il orta hesabla 1,58 milyard manat vəsait xərclənib. İndiyə qədər müdafiə xərclərinin nə iqtisadi və nə də funksional təsnifatı açıqlanmayıb. Müdafiə nazirinin müavini deyir ki, “Ordu haqqında danışanda diqqətli olmalıyıq”. Razıyam, dövlət təhlükəsizliyi ilə əlaqəli hərbi sirlər, məxfi məlumatlar qapalı saxlanılsın, yayılmasın, onlardan danışmayaq, yazmayaq, çəkiliş etməyək. Onzuz da etmirik. Amma, nədən müdafiə məqsədi ilə ayrılan on milyardlarla büdcə vəsaiti barədə ictimaiyyət məlumatsız qalmalıdır? Hətta ictimaiyyətə məlumat verilməsə də heç olmazsa büdcəni qəbul edən parlamentə hesabat versinlər. Əgər Milli Məclisin plenar iclasında bu barədə danışmaqdan çəkinirlərsə, onda "Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə" komitəsinin qapalı iclasında hesabat versinlər ki, bu qədər vəsait hara və necə xərclənib.