Yoxsulluğun kökünü kəsmək mümkündür?

Картинки по запросу бедныйBaş nazirin müavini Əli Həsənov deyib ki, 2020-ci ilə kimi Azərbaycanda yoxsul qalmayacaq. Bu, mümkündürmü? Bu sualın bircə cavabı var: yoxsulluq nisbi anlayışdı, bir ölkənin meyarları ilə yoxsul sayılan digər bir ölkədə tam təmin olunmuş sayıla bilər. Sadə bir nümunə, ABŞ-də aylıq gəliri təxminən 1000 dollardan aşağı olan yoxsul sayılır, Azərbaycanda 116 manatlıq Ehtiyac meyarından, ən yaxşı halda 173 manatlıq Yaşayış minimumundan az qazananlar.

Ona görə də, 2017-ci ilin statistikasına görə ABŞ-da 40 milyon nəfərdən çox (yoxsulluq səviyyəsi 14%), Avropa Birliyində 85 milyon nəfər (yoxsulluq səviyyəsi 17%) yoxsul var. Və o ölkələrdə yoxsulun maşını, evi, komputeri, interneti var, bizdə isə maşını olana, internetə qoşulana dövlətin kasıblar üçün nəzərdə tutduğu ünvanlı sosial yardım verilmir. 
ABŞ-da yoxsulluq həddi minimum istehlak səbətinə uyğun müəyyən olunur, Avropada orta əmək haqqının 60%-dən aşağı gəliri olanlar yoxsul sayılır. Bizdə Minimum istehlak səbətinin yoxsulluq həddi sayılan Yaşayış minimum ilə heç bir əlaqəsi yoxdu, bəlkə də parallel xətlərin nə zamansa kəsişmək ehtimalı var, ancaq bu iki göstəricinin bir-birilə üzləşməsi mümkün deyil.