Açıq hökumətin yerli hakimiyyətlər üçün müəyyənləşdirdiyi öhdəliklərin icrası müzakirə olunub

02 iyul 2018-ci il tarixində Oğuz şəhərində “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın yerli hakimiyyətlər üçün müəyyənləşdirdiyi öhdəliklər” mövzusunda infosessiya keçirilib.

İnfosessiyanı Oğuz Şəhər Bələdiyyəsinin sədri Arif Cavadov açıb, o tədbir iştirakçılarını salamlayaraq Açıq Hökumət Təşəbbüsü ilə bağlı məlumat verib. Sonra İqtisadi və Sosial İnklişaf Mərkəzinin sədriVüqar Bayramov Açıq Hökumət təşəbbüsü, bu təşəbbüsdə Azərbaycanın yeri barədə qısa məlumat verərək təqdimat üçün sözü ekspert Qalib Toğrula verib.

Qalib Toğrul “Açıq Hökumət Təşəbbüsü və Azərbaycan: keçilmiş yola baxış və hazırkı durum” və “Açıq Hökumətlə bağlı Milli Fəaliyyət Planının (2016-2018) yerli hakimiyyətlər üçün müəyyənləşdirdiyi öhdəliklər və onların icrası vəziyyəti” mövzularında təqdimatlar edib və hər bir təqdimatdan sonra iştirakçıların rəyləri dinlənilib, onların sualları cavablandırılıb.

İştirakçılar informasiyanın əlçatanlığı, dövlət qurumlarının işində iştirakın formaları, hesabatlılıq və şəffaflıqla bağlı tələblər haqqında suallar verib, eyni zamanda yerli təcrübdən misallar gətiriblər. Onları daha çox oxşar vəziyyətdə olan ölkələrin bu sahədəki təcrübələri maraqlandırdığından suallar və müzakirələr zamanı bu barədə geniş məlumat verilib.

Tədbirdə Oğuz rayonunda fəaliyyət göstərən bələdiyyələrin, vətəndaş cəmiyyətinin, yerli dövlət qurumlarının nümayəndələri iştirak edib.

İnfosessiya Oğuz şəhər bələdiyyəsinin binasında təşkil olunub.